Elçin Əmirbəyov Danimarkada görüşlər keçirib | FOTOLAR

   Elçin Əmirbəyov Danimarkada görüşlər keçirib    | FOTOLAR
  28 May 2025    Oxunub:501
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Danimarka Krallığına işgüzar səfəri baş tutub. Səfər çərçivəsində E.Əmirbəyov Danimarka Baş nazirinin Ofisində Xarici siyasət departamentinin rəhbəri Henrik Vinter, Danimarkanın xarici siyasət məsələləri üzrə dövlət katibi Lotte Makon, Danimarka Parlamentində (Folketing) Xarici işlər komitəsinin sədri Liz Bek, eləcə də Danimarka Beynəlxalq Elmlər İnstitutu və Danimarka Xarici Siyasət Cəmiyyətinin ekspertləri ilə görüşlər keçirib.

Danışıqlar zamanı Azərbaycan və Danimarka arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb. Bu xüsusda iki ölkə arasında siyasi dialoqun, ticarət-iqtisadi və investisiyalar üzrə əməkdaşlığın və parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Danimarkanın İxrac və Sərmayələr Fondunun cari ilin may ayının əvvəlində Azərbaycana edilmiş səfərinin əhəmiyyətini vurğulayan Danimarka tərəfi ölkəmizdə bərpaolunan enerji sektorunun inkişaf etdirilməsi sahəsində əməkdaşlıq etməyə hazır olduğunu, hal-hazırda konkret imkanları nəzərdən keçirdiyini qeyd etmişdir.


Görüşlərdə həmçinin Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə toxunulub, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında oynadığı vacib rol və Orta Dəhliz üzrə Şərq-Qərb yük daşımalarının artırılması baxımından strateji əhəmiyyəti vurğulanıb. Cari ilin iyulun 1-dən Avropa Birliyində altı ay ərzində sədrlik edəcək Danimarkanın rəsmiləri Aİ ilə Azərbaycan arasında münasibətlərdə son zamanlar müşahidə olunan müsbət dinamikanı alqışladıqlarını və tərəflərin maraqlarına cavab verən vacib sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini dəstəklədiklərini vurğuladılar.

Səfər zamanı aparılmış danışıqlar çərçivəsində Elçin Əmirbəyov qarşı tərəfə Azərbaycan-Ermənistan münasibətlərində normallaşma prosesi, iki ölkə arasında davamlı və dönməz sülhün bərqərar olması üçün hələ də mövcud olan əsas maneələr və Azərbaycanın sülh gündəliyi barədə ətraflı məlumatı təqdim etmiş, mövzu ətrafında Danimarkalı həmkarları ilə fikir mübadiləsi aparmışdır.

Danimarka rəsmiləri Azərbaycanın sülh gündəliyini dəstəklədiyini qeyd edərək, sülh sazişinin qısa bir zamanda imzalanmasının tərəfdarı olduqlarını bildirmişlər.


Görüşlər zamanı Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş işğalçılıq siyasətinin nəticəsi olaraq Azərbaycanın mədəni irs obyektlərinin məhv edilməsi və ölkəmizin üzləşdiyi mina problemi barədə ətraflı məlumatı qarşı tərəfin diqqətinə çatdırmış, bu mövzulara dair müvafiq nəşrləri həmsöhbətlərinə təqdim etmişdir.

E.Əmirbəyov səfər çərçivəsində həmçinin Danimarkanın media nümayəndələrinə müsahibə verib.

Qeyd olunmalıdır ki, Danimarka hal-hazırda BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür və Avropa İttifaqına sədrliyi çərçivəsində cari ilin oktyabr ayında “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə Toplantısına ev sahibliyi edəcəkdir. Eyni zamanda, Danimarka 2025-ci il ərzində Nordik-Baltik Əməkdaşlığı (NB8) ölkələri arasında koordinasiya funksiyasını həyata keçirir.


Teqlər: Xarici-siyasət   Elçin-Əmirbəyov  





Xəbər lenti